Aslan Aslanov
Aslan Aslanov 1926-cı il avqustun 20-də Ağstafa şəhərində anadan olmuşdur.Elmə-biliyə böyük marağı olan Aslan 1942-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə qəbul olunur,1945-ci ildən tarix fakültəsinin fəlsəfə şöbəsində təhsilini uğurla davam etdirir.Universitetin fəlsəfə kafedrasında müəllim kimi pedaqoji fəaliyyətə başlayanda belə bir ideyası vardı: gənclərdə,habelə müxtəlif nəsildən olan insanlarda etik-estetik mədəniyyətin inkişafı problemi xüsusi tədqiqat obyektinə çevrilməlidir.
Yaradıcılığı boyu maraqlı fikirləri ilə estetika aləmini zənginləşdirməyə çalışan alimin “İncəsənət və tərbiyə” adlı ilk fundamental əsəri 1967-ci ildə çap olunmuşdur.
A.Aslanov uzun illər müxtəlif janrlı sənət əsərlərinin faktiki materialların təhlili əsasında başa gətirdiyi həmin monoqrafiyanın “İncəsənət və tərbiyə probleminin tarixinə dair” bölməsində yazır:
“Sənət yenə də qəlbləri fəth edir,insanları öz əzəmətli səsi ilə xeyirxahlığa,xoşbəxtliyə,mənəvi amallar uğrunda mübarizəyə,rəşadətə səsləyir.Sənət bahadırının qüvvət,güc və müzzəmliyi ilə yanaşı xüsusi bir şövqü,başqa mühüm bir üstünlüyü də vardır.
Bu da onun gözəlliklə,insan qəlbi ilə gözəllik qanunları əsasında rəftarıdır. Özünün ahəngi,məlahətli səsi və sözü,plastik qaməti,mütərəqqi ideya məzmunu ilə sənət insanının hisslərini bir anda ələ almaq,insan ruhunun ən dərin guşələrinə nüfuz etmək,onu ehtizaza gətirmək,insana öz qüvvəsini anlatmaq, insanı ucaltmaq,yüksəltmək kimi bir qüdrətə malikdir”.
Aslan Aslanov təbiətən lirik şair idi.Bunu hələ keçən əsrin 50-60-cı illərində nəşr olunan şeir kitablarından da görmək olur. “Səni düşünürəm”, “Qızlar və bənövşələr” hələ o zaman sənətsevərlərin diqqətini cəlb etmişdi.
Aslan müəllim şairliklə estetikliyi qoşa qanad kimi xüsusi bir ahəngdə davam etdirirdi.Nəğməkar şair kimi ad çıxarması ilə fərəhlənirdi.Təsadüfi deyildir ki,”Yazıçı” nəşriyyatının 1985-ci ildə çap etdiyi şeirlər kitabını da “Nəğməli günlərim” adlandırmışdı.
Aslan Aslanov 1995-ci il avqustun 23-də Bakıda vəfat etmişdir”.
Değerlendirmeler
Henüz değerlendirme yapılmadı.